Azərbaycan mediasında qadınlara qarşı nifrət nitqinin ilk hesabatı açıqlandı

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Azərbaycan mediasında qadınlara qarşı nifrət nitqinin ilk hesabatı açıqlandı

Azərbaycan mediasında qadınlara qarşı nifrət nitqinin ilk hesabatı açıqlandı

Dekabrın 13-də mediada gender əsaslı ayrı-seçkilik, nifrət nitqi ilə bağlı Azərbaycanda ilk dəfə həyata keçirilən tədqiqatın hesabatının təqdimatı oldu.

 

“Gender & Media Watch” (GMW) təşəbbüsünün Kitabıstan Tədqiqat Mərkəzi və Tekst Medianın tərəfdaşlığı ilə apardığı “Azərbaycan mediasında qadınlara qarşı nifrət nitqi və diskriminativ narrativlər" adlı fundamental tədqiqat həm media monitorinqini, həm də ictimai rəy sorğusunu əhatə edir.

 

Geniş ictimaiyyət və diplomatik korpus nümayəndələrinin də qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçin Mariyana Kuyundziç bildirib ki, bu məsələnin bu gün müzakirə edilməsi olduqca önəmlidir, çünki bu, mövzuya ictimai əhəmiyyət qazandırır və cəmiyyətin onu açıq şəkildə müzakirə etməsinə şərait yaradır:

 

“Mən hesabatı oxudum, sonra bir daha oxuyub təhlil etdim və başa düşdüm ki, mediada - sosial media da daxil olmaqla - baş verənlər dünyanın hər yerində eynidir. Bu, təkcə Azərbaycana xas deyil, bu, hər yerdə baş verir. Xüsusilə hədəf alınan qrup isə gənc qadınlar, mediada çalışan qadınlar və qadın siyasətçilərdir. Amma əslində hər bir qadın və ya qız nifrət nitqinin potensial hədəfidir. Ən azı mənim müşahidələrimə görə, məsələn, kişilərin necə geyinməsi heç vaxt müzakirə mövzusu olmur. Qadınların mediadakı geyimi isə daim müzakirə edilir”.

 

Səfir M.Kuyundziç əlavə edib ki, media məzmununda gender bərabərsizliyi daha qabarıq şəkildə özünü göstərir. Qadınlar həm kəmiyyət, həm də keyfiyyət baxımından yetərincə təmsil olunmurlar:

 

“Problemi aradan qaldırmaq yolunda ilk addım onun mövcudluğunu qəbul etməkdir. Bu gün burada edəcəyimiz məhz budur və Mələyin öz layihəsi çərçivəsində həyata keçirdiyi işin mahiyyəti də bundan ibarətdir”.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç

 

 

Daha sonra “Gender & Media Watch” təşəbbüsünün təsisçisi Mələk Hacıyeva çıxış edərək, gender əsaslı zorakılıqla mübarizə çərçivəsində keçirilən 16 günlük kampaniyanın sonunda təşkil olunan tədbirdə iştirak edərək bu mövzuda həmrəylik göstərdikləri üçün iştirakçılara təşəkkür edib. O, GMW təşəbbüsünün qısa müddətdə əldə etdiyi nəticələri açıqlayıb, monitorinq, eləcə də ictimai rəy sorğusunun statistikasını, həmçinin bu rəqəmlər əsasında aparılan təhlilləri təqdim edib. M.Hacıyeva bildirib ki, son bir ildə Azərbaycan mediasında gender əsaslı ayrı-seçkilik və nifrət nitqinin xüsusilə artması problemin sistematik xarakter aldığını göstərir:

 

“Biz problemin həlli üçün faktların vahid platforma əsasında monitorinqini aparıb, təhlillərimizi ictimaiyyətə təqdim etmək qərarına gəldik. İyun ayında başladığımız fəaliyyət qısa müddətdə sosial mediada 4 milyondan çox baxış və 250 minə yaxın reaksiya topladı. Bu, cəmiyyətin belə bir platformaya nə qədər ehtiyac duyduğunu göstərir”.

 

M.Hacıyeva qeyd edib ki, GMW monitorinq nəticələrini təkcə sosial mediada paylaşmır, həm də rəsmi qurumlara təqdim edir. Onun sözlərinə görə, Audiovizual Şuraya edilən müraciətlər artıq real nəticələr verməyə başlayıb. “Gender & Media Watch” təşəbbüsü vasitəsilə gender stereotiplərinə, qadınlara yönəlik zorakılıq çağırışlarına qarşı hüquqi mübarizənin necə aparıldığını da təqdim etdiklərini deyən M.Hacıyeva əlavə edib ki, bu, GMW-nun əsas fərqidir. Daha sonra o, ictimai rəy sorğularının nəticələrini, eləcə də media monitorinqləri zamanı əldə olunan gender əsaslı diskriminativ narrativlər, nifrət nitqi, ayrı-seçkilik təbliğatı ilə bağlı tapıntıları və aparılan təhlillərin bir qismini təqdim edib.

 

“Gender & Media Watch” təşəbbüsünün təsisçisi və Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi Mələk Hacıyeva

 

 

GMW-nun monitorinq qrupunun rəhbəri, Tekst Medianın təsisçisi Kamran Həsənli çıxış edərək, medianın cəmiyyətə təsir mexanizmlərindən danışıb. O, bildirib ki, əsas problemlərdən biri gündəmin yanlış qurulmasıdır:

 

“Monitorinqlərimizdə də qadın qətllərinə verilən reaksiyanın cinayəti sorğulamaqdan yox, qurbanı sorğulamaqdan ibarət olduğunu müşahidə etdik. İnsanlar qadın qətllərində qurbanın niyə öldürüldüyünü, zorakılığa məruz qalanda niyə zorakılığa məruz qaldığını müzakirə eləyir ki, bu da nəticədə qurbanın günahlandırılmasına gətirib çıxarır. Bunun isə ən böyük səbəbkarlarından biri mediadır. Media gender zorakılığını üçüncü dərəcəli xəbər kimi təqdim etdikdə, cəmiyyət də ona üçüncü dərəcəli problem kimi yanaşır”.

 

K.Həsənli vurğulayıb ki, efirlərə dəvət olunan qeyri-peşəkar, “qadın döyülər də, sevilər də” deyən ekspertlər vasitəsilə media gender əsaslı zorakılıq üçün “razılıq istehsal edir”.

 

GMW-nun monitorinq qrupunun rəhbəri, Kitabıstan Tədqiqat Mərkəzinin idarə heyətinin üzvü Kamran Həsənli

 

 

Yekunda söz alan Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus təşkil edilən tədbirə görə təşəkkür edib və bildirib ki, bu məsələdə maarifləndirmənin aparılması və fəallıq daha inklüziv və xoşbəxt cəmiyyətin qurulmasında böyük rol oynayır.

 

Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus

 

Tədbirin sonunda Mələk Hacıyeva və Kamran Həsənli iştirakçıların suallarını cavablandırıblar və tədbir interaktiv müzakirə formatında davam edib.

 

Soldan sağa: İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya.
Soldan sağa: Almaniya, Belçika səfirliyinin, BMT-Qadınlar, Nokia Azərbaycanın nümayəndələri.
Soldan sağa: Almaniya, Fransa, Belçika səfirliyinin nümayəndələri.

15.12.2025

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Məzmun tipi

Mövzular