Kitabıstan ICAN-in tərəfdaşı seçildi - Nüvə silahının ilk dəfə istifadə olunmasının 80-ci ildönümündə

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Kitabıstan ICAN-in tərəfdaşı seçildi - Nüvə silahının ilk dəfə istifadə olunmasının 80-ci ildönümündə

Kitabıstan ICAN-in tərəfdaşı seçildi - Nüvə silahının ilk dəfə istifadə olunmasının 80-ci ildönümündə

Kitabıstan Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) tərəfdaşı seçilib. Qərar nüvə silahının ilk dəfə istifadəsinin 80-ci ildönümünə təsadüf edir.

 

2007-ci ildə təsis edilən ICAN-in əsas hədəfi nüvə silahlarının tamamilə qadağan olunmasıdır. ICAN-in fəaliyyəti nəticəsində BMT 2017-ci ildə Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqaviləni qəbul edib və bu tarixi nailiyyətə görə kampaniya həmin il Nobel Sülh Mükafatına layiq görülüb.

 

ICAN dünyada yüzlərlə qeyri-hökumət təşkilatını birləşdirən və nüvə silahlarının tamamilə qadağan olunması istiqamətində fəaliyyət göstərən qlobal koalisiyadır. Kampaniya faəliyyəti ilə beynəlxalq ictimaiyyətin diqqətini nüvə silahlarının fəlakətli humanitar nəticələrə səbəb olacaq planetar bir təhlükə mənbəyi olmasına yönəldir.

 

“Kitabıstan bəşəriyyəti qorxu altında saxlayan nüvə təhlükəsinə izləyici qala bilməzdi”

 

Kitabıstanın həmtəsisçisi Şəhriyar Məcidzadə Kitabıstanın ICAN-in tərəfdaşı seçilməsi ilə bağlı bildirir ki, 2025-ci ildə nüvə təhdidi Soyuq müharibə dövründən bu yana ən kritik həddə çatıb və Qiyamət Saatı 89 saniyə qalmışa qurulub:  

 

“80 il hər şeyi yenidən nəzərdən keçirə bilməyimiz üçün kifayət qədər uzun müddətdir. Dünya ictimaiyyəti nüvə silahının ilk dəfə sınaqdan keçirilməsi və istifadə edilməsinin 80-ci ildönümünü anarkən, təəssüf ki, nüvə ölkələrinin bir-biri ilə müharibələrini də izləməli oldu. Günümüzdə nüvə təhdidi siyasi ritorikaya çevrilib və bu çox qorxuludur. Dünya sanki Soyuq mübaribə dövrünə qayıdıb. Amma indi daha böyük təhlükələr, daha dəhşətli çağırışlarla üz-üzə qaldığımızı görürük. Bu bizə məsuliyyətimizi bir daha xatırlatdı.

 

Qiyamət Saatının 89 saniyə qalmışa qurulması bir həyəcan təbili idi, amma təəssüf ki, hamı bu həyacan təbilini eşitmədi, yer üzünün, insanlığın və bütün canlıların həyatını qorumaq üçün səfərbər olmalı olduğunu anlamadı. Təbii ki, belə bir vəziyyətdə sülh, iqlim dəyişikliyi ilə mübarizə, gender bərabərliyi, maarifçilik kimi bəşəri dəyərlər uğrunda çalışan Kitabıstan dünyanın ən ağrılı problemi olan və bütün bəşəriyyəti daimi qorxu altında saxlayan nüvə təhlükəsi ilə bağlı həyəcan təbilinə izləyici qala bilməzdi və qalmadıq. Buna görə də ICAN-in tərəfdaşı olmaqdan, insanlığın, planetimizin gələcəyinin var olması işində səylərimizi birləşdirməkdən məmnunuq və bu işə töhfə vermək üçün əlimizdən gələni edəcəyik. Heç bir canlı bir daha nüvə silahının qurbanı olmamalı, bu dəhşətli silahın acıları gələcək nəsillərə ötürülməməlidir”.

 

“Ümumi işin uğurlu nəticəsinə töhfə verəcəyik”

 

ICAN tərəfdaşlığının zəruriliyi haqqında danışan Ş.Məcidzadə qeyd edib ki, Kitabıstanın bu beynəlxalq kampaniyaya qoşulması onun təkcə mütaliə və mədəniyyət sahəsində deyil, həm də qlobal sülh və təhlükəsizlik məsələlərində fəal mövqe tutduğunu göstərir:

 

“Biz Kitabıstanın sülh mədəniyyətinin gücləndirilməsi istiqamətindəki öhdəliyini bir daha təsdiqləyirik. İnanırıq ki, beynəlxalq tərəfdaşlarla bilik və təcrübə mübadiləsi aparmaqla bu qlobal təhlükəyə qarşı mübarizədə fəaliyyətimizin səmərəliliyini daha da artıracağıq”.

 

O, həmçinin beynəlxalq ictimaiyyətin nüvə təhlükəsinə qarşı daha fəal olmalı olduğunun vacibliyini xatırladıb və bildirib ki, daha təhlükəsiz bir dünya üçün yeni tərəfdaşlıqların qurulmasına və birgə fəaliyyətə açığıq:

 

“Qlobal nüvə təhlükəsi çağırışlarının olduğu bu dövrdə sülhün təşviqinə verdiyimiz kiçik töhfəyə böyük dəyər verib, bizə etimad göstərdiyi üçün ICAN-in İdarəetmə Komitəsinə öz təşəkkürümüzü bildiririk və inanırıq ki, qarşılıqlı əməkdaşlıq və birgə səylərimizlə ümumi işin uğurlu nəticəsinə töhfə verəcəyik”.

 

14.11.2025
 

Bunu paylaş

Linki kopyalayaraq paylaş