Kitabıstan və dörd Skandinaviya ölkəsi yaşıl keçid modelini təqdim etdi

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Kitabıstan və dörd Skandinaviya ölkəsi yaşıl keçid modelini təqdim etdi

Kitabıstan və dörd Skandinaviya ölkəsi yaşıl keçid modelini təqdim etdi

Kitabıstan Skandinaviya ölkələrinin səfirlikləri ilə birlikdə COP29 ərəfəsində “NORDIC TALKS: Skandinaviya yaşıl modeli” tədbiri təşkil etdi.

 

Noyabr ayında Bakıda keçiriləcək COP29 ərəfəsində Kitabıstan Danimarka, Finlandiya, Norveç və İsveç səfirlikləri ilə birlikdə Skandinaviya yaşıl keçid modelini Azərbaycanda təqdim etdi.

 

Sentyabr ayının 26 və 27-də Kitabıstan və Skandinaviya ölkələrinin səfirlikləri “NORDIC TALKS: Skandinaviya yaşıl modeli” layihəsi çərçivəsində konfrans, panel müzakirə və “Dayanıqlı Skandinaviya şəhərləri” mövzusunda sərgi keçirib.

 

Sözügedən layihə Skandinaviya ölkələrinin bərpaolunan enerjiyə keçid və iqlim dəyişikliyi probleminin həllindəki təcrübələrini təqdim etmək məqsədi daşıyır. 

 

Sentyabr ayının 26-da adıçəkilən dörd ölkənin iqlim ekspertlərinin məruzəsi ilə Bakıda, Nizami Kino Mərkəzində konfrans təşkil olunub. Konfransda Danimarka Enerji Agentliyində külək enerjisi üzrə baş müşavir Uilaym Lim, Norveç Xarici İşlər Nazirliyinin yaşıl keçid üzrə xüsusi müşaviri Per Strand Şosta, IVL - İsveç Ətraf Mühit üzrə Tədqiqat İnsitutunun beynəlxalq məsələlər üzrə şöbə rəhbəri Cina Aspelin Hedbrinq və İqlim Liderliyi Koalisiyasının baş icraçı direktoru Tuuli Kaskinen çıxış edib. Onlar öz ölkələrinin iqlim strategiyalarına, dayanıqlı və insanyönümlü şəhərlərinə, ölkələrin və şirkətlərin yaşıl keçidinə dair təcrübələrini paylaşıblar.

 

İctimaiyyətə açıq keçirilən konfransa açılış nitqi ilə başlayan Kitabıstanın həmtəsisçisi və idarə heyətinin sədri, layihə rəhbəri Mələk Hacıyeva bildirib ki, son səkkiz ildə Kitabistan Tədqiqat Mərkəzi Azərbaycanda Skandinaviya modelinin təqdim edilməsində mühüm rol oynayıb. Daha sonra İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson Skandinaviya ölkələri səfirləri adından çıxış edərək söyləyib ki, konfransda iştirakçılığın yüksək olması insanların yaşıl keçidə və dayanıqlı inkişafa olan marağının göstəricisidir.

 

 

Daha sonra ekspertlər çıxış edərək külək enerjisi, onun gələcəyi, bərpaolunan enerjiyə yatırımlar, enerji keçidi, karbon neytral şəhərlər, şirkətlərin yaşıl keçidi, yaşıl keçidə dəstək və töhfələr haqqında danışıblar. Çıxışlardan sonra ekspertlər iştirakçıların suallarını cavablandırıblar.

 

 

Sentyabr ayının 27-də isə Kitabıstanın həmtəsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə Danimarka, Finlandiya və İsveç səfirlərinin və Norveç Xarici İşlər Nazirliyinin yaşıl keçid üzrə xüsusi müşavirinin iştirakı ilə panel müzakirə keçirilib.

 

Panel müzakirəni açılış nitqi ilə açan Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva qonaqları salamlayıb və “Nordic Talks” layihəsinin veb saytının təqdimatını edib, Kitabıstanın 3 ay ərzində apardığı tədqiqat haqqında məlumat verib. O bildirib ki, təxminən 3 ay ərzində keçirilən sorğuda 297-si onlayn, 126-sı oflayn olmaqla 423 nəfər iştirak edib:

 

“Keçirilən sorğudan görünür ki, insanlar iqlim dəyişikliyinin təsirlərini daha çox havanın çirklənməsi, ifrat istilər, eksterimal hava şəraiti ilə hiss edirlər. Orta yaşlı və yaşlı insanlar isə sağlamlıq problemlərinin artdığını bildirirlər”.

 

 

Daha sonra söz səfirlərə verilib. Danimarka səfiri Ole Toft, Finlandiya səfiri Kirsti Narinen, İsveç səfiri Tobias Lorentzson və Norveç XİN-nin yaşıl keçid üzrə xüsusi müşaviri Per Strand Şosta təmsil etdikləri ölkələrin yaşıl keçidi ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər. Panel müzakirə zamanı səfirlər moderatorun və iştirakçıların suallarını cavablandırıblar. Tədbirdə diplomatik korpus nümayəndələri, dövlət qurumlarından təmsilçilər və media nümayəndələri iştirak ediblər.

 

Layihə rəhbəri Mələk Hacıyeva layihə haqqında açıqlama verərkən bildirib ki, konfransa bu maraq insanların iqlim dəyişikli ilə bağlı narahatlıqlarını, həm də bu problemi həll etmək üçün fərdi təşəbbüslərin olduğunu göstərir:

 

“Biz “KITABISTAN TALKS” layihəsi ilə dünyanın inkişaf modellərini Azərbaycanda təqdim edirik. Bu gün dünyanın üzləşdiyi ən böyük problemlərdən biri də iqlim dəyişikliyidir. “NORDIC TALKS: Skandinaviya yaşıl modeli” layihəsi buna görə xüsusi əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, Skandinaviya ölkələri yaşıl keçid, karbon ayaq izinin azaldılması baxımından beynəlxalq indekslərdə ilk sıralardadır. Buna görə də Skandinaviya yaşıl modelinin COP29 ərəfəsində Azərbaycanda təqdim edilməsi mühüm idi və bu konfransa əksəriyyəti tələbələrdən ibarət bu qədər insanın marağı gənclərin bu problemə necə ciddi yanaşdığını göstərir”.

 

Qeyd edək ki, həm sentyabrın 26-da, həm də 27-də “Dayanıqlı Skandinaviya şəhərləri” sərgisi də təşkil olunub. Sərgi həmçinin “Nordic Talks” layihəsinin veb saytında (nordentalks.com) yayımlanıb.

 

Onu da əlavə edək ki, “Nordic Talks: Skandinaviya yaşıl modeli” layihəsi iyun ayında başlayıb. Layihə Kitabıstan, Danimarka, Finlandiya, Norveç və İsveç səfirliklərinin tərəfdaşlığı və Skandinaviya Nazirlər Şurasının dəstəyi ilə həyata keçirilib.
 

 

03.10.2024

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Məzmun tipi

Layihələr

BMT Dayanıqlı İnkişaf Məqsədləri